Şamaxı şəhərinin Bakı istiqamətində girişdə yeni dairəvi yol infrastrukturu qurulub

Şamaxı şəhərinin Bakı istiqamətində girişdə yeni dairəvi yol infrastrukturu qurulub – FOTO

Son illər respublikanın hər yerində olduğu kimi, Şamaxı rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət almaqdadır.“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonun küçə və meydanlarında yenidənqurma işlərinə başlanılıb.
Şamaxı şəhərinin Bakı istiqamətində girişdə yeni dairəvi yol infrastrukturu qurulub, dairəvi yol rayona səfər edən yerli və xarici qonaqların zövqünü oxşaması məqsədilə yaşıllıqlarla əhatə olunmaqla bura dekorativ ağaclar və kollar əkilib.
Hazırda daha bir belə dairəvi yolun rayonun digər istiqamətdən girişində qurulması və bu istiqamətdə magistral yolun genişləndirilməsi işləri sürətlə davam etdirilir. Abadlıq-quruculuq işləri çərçivəsində şəhər daxili yollarda asfaltlaşma işlərinə başlanılıb, yol kənarı yaşıllıq zolaqlarının salınması, piyadaların rahat hərəkətinin təmin olunması məqsədilə bütün səkilərin yenidən qurulması və dayanacaqların yenilənməsi işlərinə start verilib.
Bununla yanaşı Şamaxı Pirqulu yolunun Əngəxaran və Çuxuryurd kəndindən keçən hissələrinə də asfalt örtüyü vurulub, yol kənarına müasir işıqlandırma sistemləri quraşdırılıb.
Ölkə rəhbərinin birbaşa diqqət və qayğısı nəticəsində aparılan bu quruculuq işləri rayonun turizm potensialının artırılması və gələcəkdə bu regionda turizmin inkişafında müstəsna əhəmiyyət kəsb edəcək.