Hadruta çəkilən yolda işlər sürətlə gedir

Hadruta çəkilən yolda işlər sürətlə gedir -FOTO

İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti işləri aparılır. Bu cür layihələrdən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Sözügedən avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yol boyu 6 avtomobil körpüsü və 11 yeraltı keçidin də tikintisi aparılır.
Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Yol başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürür və Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39.7 kilometrdir. 
Yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri aparılır və I texniki dərəcəyə uyğun 21.5 metr enində yeni torpaq yatağının inşası işləri aparılır. İnşa edilən yolun hərəkət hissəsi 14 metr təşkil edəcək. Həmçinin yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də paralel olaraq aparılır. 
Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgənin inşası artıq bitmək üzrədir. 
Yol işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.