Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir

Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir – FOTO

Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometr təşkil edir. Yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda Bərdə-Ağdam avtomobil yolunun 14-40-cı kilometrləri arasında olan hissələrində torpaq işlərinin icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26.5 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Hazırda yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işlərinə də başlanılıb. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçid, o cümlədən 2 yeni avtomobil körpüsünün və 1 yol ötürücünün inşası aparılır.
Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı kilometrlik hissəsində yerləşən 18.2 metr uzunluğa malik 1 aşırımlı körpü və 32.2 metrlik yol ötürücü üçün svay qazma işləri və dayaqların inşası aparılır. Uzunluğu 91.3 metr təşkil edən körpünün hazır olan dayaqları üzərinə isə aşırım tirləri quraşdırılır.
Bundan başqa, 1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 8 nöqtədə geriyə dönmə hissələrinin yaradılması, 24 yerdə isə avtobus dayanacaqlarının inşası da həyata keçiriləcək.
Onu da qeyd etmək lazımdır ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.